Tetraçalan (lat. Accipiter gentilis) - əsl qırğı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[1]
(III - VU). Həssas, sayı azalmaqda olan növdür.
Qarğadan iridir. Bel tərəfi qonur-boz, qarın tərəfi isə açıq rənglidir və üzərində nazik köndələn tünd zolaqlar var. Gözləri və ayaqları sarıdır .
Arealı genişdir: Avropa, Asiya, Şimal-Qərbi Afrika, Madaqaskar, Şimali Amerika. Azərbaycanda Talış və Şərqi Qafqaz dağ meşələrində yayılıb .
Hündür ağaclardan ibarət meşə quşudur. Daimi cütləri olur. Hər cüt yuva sahəsi seçir, oraya qonşu cütləri buraxmır. Hündür ağacda (10-15 m) yuva tikir. Şam ağacını xoşlayır. Berkut qartal (Aquila chrisaetus) kimi güclü yırtıcının yuvasını zəbt edə bilir. Eyni cütün sahəsində 2-3 yuva olur, hər il birində nəsil verir. Aprelin axırlarında 2-3 ədəd yaşıl çalarlı ağ yumurta verir. Dişi quş 32 gün kürt yatır, erkək onu yemləyir. Yem üçün yuvasından 5-6 km uzağa qədər uça bilir. Kannibalizmi güclüdür. Avqust ayında hər yuvada 1-2 bala pərvazlanır.
XX əsrə qədər adi saylı olub. XX əsrdə azalmağa başlayıb. 1950-ci illərdən sonra populyasiyasının sıxlığı azalıb nadir olub. XXI əsrin əvvəlində 55 cüt idi, indi isə 25 cütdən çox deyil. Son 10 ildə 36,4 % azalıb.
Zərərli yırtıcı hesab edilib ovlanması, ovçu quş kimi istifadə etmək üçün balalarının yuvadan götürülüb ələ öyrədilməsi, meşələrin qırılması, yem bazasının zəifləməsi və zəhərlənməsi, səs-küyün çoxalması.
Ovlanması qadağandır. Beynəlxalq ticarəti yasaqdır, Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Hirkan, Altıağac, Şahdağ və Göy-göl Milli Parklarında nəzarət altında saxlanılır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Yem bazasının qorunub saxlanılması, yuva sahəsindən ağac kəsilməsinin qarşısının alınması.
Tetraçalan (lat. Accipiter gentilis) - əsl qırğı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.