Yarpaqsız öldürgən
Rusiya,Orta Asiya və İranda yayılmışdır.Xəzər dənizi sahillərində təsvir edilmişdir.
Hündürlüyü 30-80 sm olan kolcuqdur.Oducaqlaşmış gövdələri və budaqları bozumtul qabıqla örtülüdür.Cavan zoğları şaxələnmiş,buğumlu,şirəli,çılpaq,yaşıl və ya göyümsov-yaşıldır.Yarpaqları pulcuqşəkilli,az gözə çarpandır.Çiçəkləri sümbülvari çiçək qrupunda tək-tək yerləşir.Çiçəkyanlığının uc yarpaqları meyvəvermə zamanı inkişaf edərək,sarımtıl və ya qırmızımtıl rəngli böyrəkvari qanadlara çevrilir,iki yarpaqcığı qanadsızdır.Aprel ayında çiçəkləyir.Meyvəsi basıq,şirəli,biryuvalı və birtoxumludur.Toxumu zülalsız rüşeymlidir.İyul ayında meyvə verir.Vegetativ üsulla,kök bicləri ilə çoxaldılır.
Duza,istiyə və quraqlığa kifayət qədər davamlı bitkidir.Şorangəl torpaqlarda,yumşaq şoranlıqlarda,duzlu qrunt suyunun səthə yaxın olan qumlu yerlərində bitir.
Xəzər,Kür-Araz ovalığı,Qobustan,Abşeeron boyunca və Naxçıvan düzündə rast gəlinir.
Tərkibində anabazin alkaloidi vardır.Ondan meyvə və bəzək bitkilərinin ziyanvericiləri ilə mübarizədə istifadə edilən anabzin preparatı hazırlanır.Tərkibində anabazindən başqa lupilin,afillidin tapılmışdır.Anabazin güclü zəhərdir,insan üçün təhlükəlidir.Fizioloji təsiri nikotinin təsirinə oxşayır.
Yarpaqsız öldürgən