Fomin tıs-tısı (lat. Acantholimon fominii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Qafqaz dağları ərazisində təbii halda geniş yayılmışdır.
Təbiətdə alçaq kolcuqdur. Yastıqcıqları möhkəm, yarımşarşəkilli, diametri 10-20 sm-dir. Yay yarpaqları intensiv göyümtül, hamar, üç hissəli, xətvari-lansetvari, çox cod, uzunluğu 1-2 (3) sm və eni 1-1,5 mm, çılpaq, ucu biz, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları çox qısa və bir qədər enlidir. Çiçək saplaqları 4-10 dəfə yarpaqlardan uzun, hündürlüyü 10-18 sm, nazik, yuxarı hissəsi çox dalğalı, sadə və ya az budaqlı, qısa tükcüklü və ya təxminən çılpaq ola bilir. Çiçəkləri çiçək qrupunda seyrək yerləşmişdir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan bir az çoxdur və ya sünbüllərin uzunluğuna bərabərdir. Sünbüllərin uzunluğu 11-12 mm-ə çatır və birçiçəklidir. Çiçəkaltlıqları çılpaqdır. Üst çiçəkaltlığının uzunluğu 6-8 mm, içəridəkilərdən bir az qısa, onlara bərabər və ya onlardan uzun, lansetvari, ucu biz, ensiz haşiyəlidir. İçəri çiçəkaltlıqları kasacığın borucuğuna bərabər və ya bir az ondan uzun, enli haşiyələnmişdir. Kasacığın uzunluğu 10-11 mm olub qıfvaridir. Borucuğu tükcüklü, büküyü ağ, 10 qanadlı, tünd-qonur, kənarlarına qədər çatan damarcıqlıdır. Çiçək tacı açıq-qırmızıdır. Toxumu uzunsov olub uzunluğu 5-6 mm, eni təxminən 0,5 mm, qonurdur. May-iyun aylarında çiçəkləyir. Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Dağ ətəyində quru, gilli və daşlıq yamaclarda bitir.
Azərbaycanın nadir və relikt növüdür. Kiçik Qafqazın şimal hissəsində təbii arealı vardır.
Dekorativ bitki kimi xüsusi əhəmiyyət kəsb edir.
Fomin tıs-tısı (lat. Acantholimon fominii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.