Dizenteriyalı pulikariya (Bataqlıq p.) - Блошница дизентерийная (Б. Болотная) - Dysenteric fleabane (Swamp f.)
Hündürlüyü 25-60 (bəzən 80) sm çatan, bozumtulyaşıl rəngli, qısa və yumşaq tüklənmiş çoxillik bitkidir. Gövdəsi düz, adətən qalxanvari, bəzən süpürgəvari-budaqlıdır. Oturaq, yumşaq yarpaqları ucu biz uzunsov lansetvaridir, üstdən diyircəkli tüklü, altdan bozumtul rəngdə, narın keçəvaridir. Səbətləri uzun ayaqcıqlar üstündə dayanan 7-10 mm ölçüdə yarımkürədir. Qıraq çiçəklərinin dilcikləri sarı, toxumcaları 1 mm qədər, uzunsovdur. İyul-oktyabr aylarında çiçəkləyir, avqust-noyabr aylarında meyvə verir.[1]
Dizenteriyalı pulikariya kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Orta və Cənubi Avropa, Şimali Afrika, İran, Əfqanıstan, Rusiya, Ukrayna və Qafqazda yayılmışdır. Azərbaycanda dizenteriyalı pulikariya arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Alazan-Əyriçay vadisi, Böyük Qafqazın Quba massivi və şərq rayonları, Naxçıvanın dağlığ hissəsində bitir.
Hiqromezofitdir, çal-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Nəmli yerlərdə, bataqlıqların, çay, arxların və digər su tutarlarının kənarlarında bitir, qrup və zolaqlar əmələ gətirir.
Efir yağı, flavonoid, alkaloid, steroid, C vitamini, kumarin, kauçuk, üzvü turşular, karbohidratlar, di-, tri- və seskviterpenoidlərlə zəngindir.
Eksperimental və xalq təbabətində tətbiq edilir. Dizenteriya zamanı istifadə olunur. Büzüşdürücü və işlədici təsirə malikdir.
Zəhərli olduğuna görə, həkim məsləhəti ilə qəbul edilməlıdır.
Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və çiçəkləri istifadə edilir.
Cövhər və dəmləmələr.
Dekorativ bitkidir. İnsektisid təsirə malikdir, həşəratlara qarşı istifadə oluna bilər.
Dizenteriyalı pulikariya (Bataqlıq p.) - Блошница дизентерийная (Б. Болотная) - Dysenteric fleabane (Swamp f.)